Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

12 Nisan 2011 Salı

Döyüş meydanı - Türküstan

SSRİ dağldıqdan sonra hamı elə düşünürdü ki, Türküstanda yaranmış siyasi-iqtisadi boşluğu Türkiyə dolduracaq. Amma indi aydın olur ki, bu boşluğu Çin doldurmaqdadır.
Türküstan (Orta Asiya və Qazaxıstan) Çinin iqtisadi ekspansiya və strateji fəaliyyət hədəfinə çevrilib. Pekinin əsas hədəfləri bəllidir: regionun zəngin təbii sərvətlərinə giriş əldə etmək; bu neft –qaz sərvətlərlə zəngin ərazələrdə gərginliyə yol verməmək; Sincan-Uyğur vilayətində yaşayan uyğurlarla qonşu ölkələrdəki uyğur diasporları (Qazaxıstanda 200 min və Qırğızıstanda 30 min uyğur yaşayır) ilə əlaqə yaranmasın; Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çərçivəsində xammal axını üzərində nəzarəti əldə saxlamaq; nəhayət, islamçı silahlı müxalifətə qarşı mübarizə aparmaq.

Son dövrlərdə Çinin bu regionda ən çətin partnyoru, ərazisi 198.5 kv.km olan Qırğızıstan oldu. Belə ki, bu ölkə əvvəlcə özünün Manas bazasında ABŞ qoşunlarının yerləşməsinə icazə verdi. Sonra məlum oldu ki, bu ölkə həmin bazanın təhlükəsizliyinə zəmanət verə bilmir. Çünki, 2010-cu ilin baharında Qığızıstanda siyasi çevriliş oldu və onun prezidenti Kurmanbek Bakiyev ölkədən qaçdı. Bununla eyni zamanda, Qırğızıstanda qırğızlar və özbəklər arasında qanlı münaqişə baş verdi. Aydındır ki, bu ölkədə baş verən hadisələr üzdə görünməyən ABŞ-Rusiya qarşıdurmasının təzahürüdür.

2010-cu ildə Qırğızıstandakı yeni rejimin başında duran Roza Otunbayeva dünya maliyyə donorlarından ölkəni ayağa qaldırmaq üçün dəstək yalvarmağa başladı. Çin bu şansı buraxmaq fikrində deyildi.

Qırğızıstana və bütün Türküstan regionunda Çinin strategiyası dünyanın digər yerlərindəki, hətta Afrikadakı məqsədlərindən fərqlənmir. Pekin enerji resurslarına yol açmaq üçün yerli hakimiyyətlərə böyük həcmdə kreditlər verir, yatırımlar edir və digər donor ölkələrdən fərqli heç bir ön şərt qoymur. Həmçinin, Çin ölkədə insan haqları, söz azadlığı və digər parametrlərlə qətiyyən maraqlanmır.

Maraqlıdır ki, qırğız paytaxtında qan töküldüyü vaxt Çinin yarımüstəqil KİV-i, həmçinin siyasi elitası böyük narahatlıq keçirirdi. Onlar ehtiyat edirdilər ki, Qırğızıstanda Qərb tərəfindən idarə olunan “rəngli inqilab” baş versin. Qırğızıstana münasibətdə çinlilərin narahatlığı indiyədək mövcuddur.

Orta Asiyada Çinlə xüsusi münasibətlər quran digər bir ölkə, dünyanın ən kasıb dövlətlərindən biri olan Tacikistandır. Politoloqların fikrincə, bu ölkə Pekinin planlarında əhəmiyyətli yer tutmur. Yeganə olaraq Tacikistanda sünni məzhəbli islamın olduqca güclü mövqelərə sahibliyi Çini narahat etməkdədir. Çünki, bu ölkə ilə Çinin sərhəddi yenə də müsəlman uyğurların torpaqları boyunca keçir.

2010-cu ildə Çinin baş naziri Ven Siabao Tacikistana səfər edərək tacik həmkarı Akilovla görüşlər keçirdi. Görüşlərin nəticəsi Çinin bu ölkəyə münasibətdə də Qırğızıstandakı strategiyasını bariz nümayiş etdirir. Çin nəqliyyat, telekommunikasiya, energetika, maliyyə, kənd təsərrüfatı və dağ-mədən sənayesində Tacikistana böyük həcmdə yardım etməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində çinlilər Orta Asiyanın ən böyük aliminium istehsalı üzərində nəzarəti ələ keçirməlidirlər. Bundan əlavə, sərhədboyu ərazilərdə vergisiz azad ticarət zonaları yaradılmalıdır.

Eyni münasibətləri Çin Rusiyadan sonra özünün ən böyük qonşusu olan Qazaxıstanla da qurmaqdadır. Qərb politoloqları qeyd edir ki, Türküstan respublikalarının rəhbərləri Rusiya və ya Çin arasında oynayaraq dəstək əldə edirlər. Görünür, gec-tez Qərbmeylli Otunbayeva da bu yolu getmək məcburiyyətində qalacaq.

Analitiklərin fikrincə, Orta Asiyada Çinin üç maraq dairəsi var. Birincisi, enerji resursları; ikincisi, etnik gərginlik təhlükəsi; üçüncüsü, maliyyə xərclərinin təyinatları. Hədəf seçdikləri məqsədlərə çatmaq üçün çinlilər tərəddüd etmədən rüşvət və yaxud iqtisadi təzyiq vasitələrindən istifadə edirlər.

ABŞ ekspertlərinin bəlağətli müqayisəsinə görə, vaxtilə Çin «Şimaldan gələn vəhşilərə» qarşı böyük sədd çəkmişdi. İndi isə ayrı strategiyaya keçib: sərhədlərin açılması və ekspansiya. Vaxtilə Türküstandan Çin karvanları İpək Yolu ilə öz məhsulunu dünya bazarına çıxarırdı. İndi də onlar «Made in China» nişanəli malları üçün bu ərazidən istifadə edirlər.

ABŞ strateqləri Obama administrasiyasından Türküstan məsələsi ilə bağlı yeni konsepsiya qəbul etmələrini təkid edirlər. Onların fikrincə, ABŞ təcili surətdə Rusiya ilə Türküstan barəsində müəyyən razılaşmaya gəlməlidir. Çinin bu regionda güclənməsi istər Rusiya, istər ABŞ, gələcəkdə Avropa üçün ciddi başağrısına çevrilə bilər.



Hazırladı: Əşrəf Elatlı

“Millətçilik” qəzeti 9 - 15 aprel 2011-ci il 13 (127)

Hiç yorum yok:

Yorum Gönder