Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

8 Nisan 2011 Cuma

Avropa İttifaqı israrla Azərbaycan hakimiyyətini 2 aprel aksiyası zamanı bütün həbs olunanları azad etməyə çağırır

Avropa İttifaqı Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsində çatışmazlıqların davam etməsindən çox narahatdır.
Aİ-nin Azərbaycan nümayəndəliyindən Turana daxil olmuş sənəddə Bakıda 2 aprel 2011-ci il tarixində keçirilən dinc nümayişin sistemli şəkildə dağıdıldığı, çox sayda iştirakçıların saxlanıldığı və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza aldıqları qeyd olunur. Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd jurnalist müvəqqəti həbs olunub. Bundan əlavə, müxalifət partiyalarının üzvləri nümayiş başlamazdan əvvəl həbs olunub və ya ev həbsində saxlanılıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər. Bəyanatda Azərbaycanın hakimiyyət qurumları bütün həbs edilmiş şəxsləri dərhal azad etməyə çağırılır.

Bundan başqa, Avropa İttifaqı Azərbaycanı jurnalistlərin peşələri ilə sərbəst məşğul olmaq hüquqlarına zəmanət verməyə və onların fəaliyyəti üçün təhlükəsiz şərait yaratmağa çağırır. Bu kontekstdə Azadlıq qəzetinin müxbirləri Seymur Həziyevin 26 mart tarixində və Ramin Dekonun 4 aprel tarixində naməlum şəxslər tərəfindən qəddarlıqla döyülməsindən narahatlıq ifadə olunur. Aİ Həziyevin döyülməsi faktı ilə bağlı ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin bəyanatını dəstəkləyir.

Bəyanatda həmçinin Azərbaycanın hakimiyyət qurumları bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırılır.

Bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir və bu Astana Zirvə Toplantısında bütün iştirakçı dövlətlər tərəfindən bir daha təsdiq olunub.

Aİ həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı onun hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladır və Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırır.

ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır.

Sonda Aİ Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan Hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.

2 aprel aksiyası zamanı inzibati cəzaya məhkum edilmiş 30 nəfərin yarısı hələ də həbsdədir. Bundan başqa, müxtəlif cinayət ittihamları irəli sürülmüş 4 nəfər də həbsdə saxlanılır. Daha bir nəfər barəsində polis nəzarətinə alınma qətimkan tədbiri seçilib.

Hiç yorum yok:

Yorum Gönder