Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

7 Nisan 2011 Perşembe

Avtoritar rejimlərin eyni özünüqoruma instinkti


Avtoritar rejimlər biri-birinə çox bənzəyir. Son ərəb inqilabları bunu bir daha sübut etdi. Məsələn, ötən ilin dekabrında başlayan Tunis inqilabında Bin Əli iqtidarının atdığı addımları, ondan bir ay sonra inqilabın başladığı Misirdə Mübarək rejimi təkrarladı.
Ardınca Yəməndə, Bəhreyndə və nəhayət, Liviyada (müəyyən fərqlərlə) hakimiyyətlər xalq ayaqlanmalarına qarşı eyni yolu təkrarladılar.

Bu “yol” isə çox sadə idi. Avtoritar rejimlər ayağa qalxan kütlələrə qarşı ilk olaraq polisi, digər təhlükəsizlik qüvvələrini yeridir, zor tətbiq etməyə başlayırlar. Etirazçı müxalifətçilər oğurlanır, şantaj olunur, aksiyalara kütləvi silahlı müdaxilələr olur, etirazçıları qorxutmaq üçün bir neçə dəfə mitinqçilərə atəş açılır və sair. Devrilən və hazırda belə desək “yol üstdə” olan ərəb liderlərinin demək olar ki, hamısı bu yolu getdilər.

Politoloq Ərəstun Orucluya görə, avtoritar rejimlər bir qayda olaraq xalqla danışmağa hazır olmadığından gücə əl atırlar: “Bütün avtoritar rejimlərin mahiyyətində dialoq, fikir mübadiləsi, müzakirələr aparmaq yoxdur. İstəyirlər ki, hər şey onların iradəsinə tabe olsun. Kimsə tabe olmayanda isə hesab edirlər ki, onu güclə tabe etdirmək lazımdır. Baxmayaraq ki, bir-birinin ardınca bu rejimlər çökür, ancaq yenə də digərləri çökmüş rejimlərin texnologiyasından istifadə edirlər. Bunun da səbəbi çox sadədir, çünki onların əlində başqa vasitə yoxdur”.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə görə, avtoritar rejimlər hakimiyyəti xalqla bölüşmək istəmədiklərindən güc-zor faktoru hakimiyyəti uzunmüddətli saxlamaq üçün əsas sayılır: "Ancaq güc amili heç də əbədiliyə zəmanət vermir. Çünki güc əks təsirə bərabərdir və bu, daxili, yaxud xarici qıcıqların təsiri ilə sistemi təlatümə gətirə bilər. Müasir avtoritar rejimlər müxtəlif xarici amillərə bağlı olduqlarından hakimiyyətləri yekcins olmur və ona görə də məhz bu cür təsirlərin nəticəsində komandaları parçalamaq mümkün olur. Ərəb ölkələrində gedən proseslər də bunun bariz nümunəsi sayıla bilər və heç bir avtoritar rejim bundan sığortalanmayıb. Ancaq müşahidələr göstərir ki, xalq rejimə qarşı duranda avtoritar hakimiyyətlər eyni səhvləri təkrarlayırlar. Bu isə mahiyyətdən irəli gəlir. Tətbiq olunan vasitə (güc-zor) eyni olduğundan, aqibət də eyni olur və tarix də məhz buna görə təkrar olunur”. /

Hiç yorum yok:

Yorum Gönder