Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

29 Mart 2011 Salı

Yumurtanın qiyməti, bazar iqtisadiyyatı və direktivizm


Başı kəsilən saçı üçün ağlamaz (Hind aforizmi) Iqtisadiyyat əsasən inhisarçı əllərdədirsə, onda bir məhsulun qiymətinin aşağı olması nəyi dəyişir? Heç nəyi! Novruz milli bayramdır. Onun əsas atributu isə yumurtadır. Deməli, Novruzdan danışanda yumurtadan, yumurtadan danışanda isə onun qiymətindən də hökmən danışmaq lazımdır. Necə ki, artıq bütün ölkə vətəndaşları yumurtanın qiymətinin düşməsindən danışır.
Düz də edir. Amma hökumət onun düşməsinin səbəblərindən (daha doğrusu, səbəbkarından - prezidentdən), istehlakçılar onun nəticələrindən, iqtisadçılar isə onun səbəb-nəticə əlaqəsindən danışır. Ilk baxışda qiymətlərin düşməsi pozitiv haldır. Amma bunun hansı amillərin təsiri altında dəyişdiyini gördükdə, təəssüflənməmək mümkün olmur. Mən istədim ki, sizinlə həmin təəssüf doğuran məqamları bölüşüm.Hamı gördü ki, prezidentin keçirdiyi müşavirədə birbaşa tapşırıqla və barmaq silkələməsi ilə növbəti günlərdə qiymətlər enməyə başladı. Təhlillərimiz göstərdi ki, son 2 ayda yumurtanın qiyməti 41,6 faiz artdığı halda, məşhur müşavirədən sonra 2 gün ərzində qiymətlər 150 faiz ucuzlaşdı.

Fikrimcə, bu, əslində bir neçə gerçəkliyi ortaya çıxardı:

1.Ölkədə bazar iqtisadiyyatının əsas prinsiplərinin işləmədiyini… Yəni bazarda qiymətin əmələ gəlməsi məcmu tələblə məcmu təklifin proporsiyasının (“rəqsi”) dəyişməsi hesabına deyil, direktiv tapşırıqla formalaşır. Deməli, bazarın özünün daxili qanunları bizim ölkəyə hələ də yaddır. Mən illər öncəsi yazılarımın birində yazmışdım ki, Azərbaycanda bazar iqtisadiyyatı deyil, bazar yaradılır. Sağ olsun hökumət rəsmiləri, bunu hər gün sübut etməkdədirlər.

2. Qiymətləri bazar deyil, inhisarçıların müəyyənləşdirdiyini... Onların məşhur piramida idarəetməsi hesabına qiymətlərin yüksəkdə saxlanmasına rəvac verilir və istənilən kritik anda da qiymətlərin enməsini tələb edə bilirlər. Deməli, inhisarçılıq yüksək səviyyədə idarə və himayə olunur. Bunu yüksək səviyyədə istəməyəndə isə inhisarçıların qarşısı alınır.

3. Prezidentin inhisarçılara təsir edə bildiyini... Onda niyə digər inhisarda olan mal və xidmətlərin qiymətlərinin düşməsinə ciddi cəhdlər edilmir? Məlumat üçün bildirim ki, Azərbaycanda istehlak qiymətləri indeksini (inflyasiya) hesablanma metodologiyasında 585 adda mal və xidmətlər üzrə qiymətləndirmələr aparılır və inflyasiya hesablanır. Onda belə çıxır ki, hər bir mal pozisiyası üzrə bir müşavir çağırılaraq qiymətlərin endirilməsinə start verilsə, onda 2 ilə yaxın müddətdə hər gün 1 müşavirə keçirməklə bütün malların qiymətində dəyişiklik edilə bilər. Bu isə tamamilə sosializm praktikasıdır.

4. Dövlət qurumlarının öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini... Hər şeyin qiyməti yalnız ölkə rəhbərinin direktiv göstərişindən sonra həll olunacaqsa, onda Iqtisadi Inkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəyə lazımdır?

Əgər bu ölkədə hər şeyin dəyişməsi bir çıxışa bağlı olacaqsa, onda bu sahibkarlıqla bağlı qanunlar və iqtisadi xətli nazirliklər, dövlət qurumları nəyə lazımdır? Yumurtanın qiyməti ilə bağlı məsələ həll olunsa belə, bu minvalla yumurta məsələsi həll olunmayacaq. Səbəb isə toyuq broylerləri üçün quş yeminin baha, yumurtanın qiymətinin isə aşağı olmasıdır. Yumurtanın maya dəyərinin 66 faizi yemçiliklə bağlıdır. Yəni, fermer 150 qram yem və 1 yumurta üçün 5-8 qəpik xərcləməli olur.

Digər xərcləri də üstünə gələndə, bu, 15 qəpiyi keçir. Indiki halda isə yumurtanın topdan satış qiyməti 10 qəpikdir. Deməli, bu ucuzlaşmaya prezidentin “xatirinə” inhisarçı dözə bilər, amma əsl sahibkar dözə bilməz. Bu temp bir müddət də davam etsə, növbəti ildə yumurtanın və quş ətinin yerli istehsalı azalacaq, idxal səviyyəsi isə artacaq. Ona görə də burada kompleks tadbirlərə ehtiyac var. Deməli, yumurtadan öncə quş yemi aşağı olmalıdır ki, yumurta ucuz olsun. Indiki halda isə bu belə deyil. Onun üçün də ya daxildə fermerlərə quş yeminin istehsalı üçün subsidiyalar, kreditlər verilməli, ya da digər dolayı təşviq siyasəti həyata keçirilməlidir. Başqa bir yol isə, quş yeminin idxalı üçün gömrük rüsumuna yenidən baxmaq və müvəqqəti olaraq onu aradan qaldırmaqdır. Əks halda, gələn il yumurtanın qiyməti indikindən baha olacaq.

Məhəmməd Talıblı

Hiç yorum yok:

Yorum Gönder