Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

29 Mart 2011 Salı

Radikal müxalifət, yoxsa radikal iqtidar?

Ölkənin real müxalifət qüvvələrinin fəallaşması ilə rəsmi və hökumətyönlü mətbuatın, eləcə də telekanalların bu qüvvələrə qarşı antitəbliğata başlaması bir oldu. Bu mətbuat və telekanallar real müxalifət qüvvələrinə “ifrat radikal müxalifət” adı verdi.
Daha sonra bu qüvvələr milli maraqları satmaqda, xaricdəki bəzi dairələrin əli ilə maliyyələşməkdə, ictimai sabitliyi pozmaqda, hətta ermənilərlə işbirliyində ittiham olundular.
Real müxalifət 2003-cü ildən bu yana iqtidarın ölkədə törətdiyi qanunsuzluqlara adekvat cavab verməyib. Buna görə istər dostları, istər rəqibləri, istər düşmənləri tərəfindən qınaq və tənqidlərə məruz qalıb. Müxalifətin hakimiyyətə ən son sərt cavabı 2003-cü ildə prezident seçkilərinin saxtalaşdırılmasına verdiyi reaksiya olub.

Bu kontekstdə iqtidar və onu dəstəkləyənlər real müxalifətə “ifrat radikal müxalifət” adı qoymaqla hakimiyyətin törətdiyi qanunsuzluqlara etiraz edəcək qüvvəni mübarizədən kənarlaşdırmaq istəyir. Beləliklə, xalq içində bu qanunsuzluqlara etiraz edəcək mütəşəkkil qüvvə olmasını istəmir.

2003-cü ildə prezident seçkilərinin nəticələrinə etiraz edən insanlara hakimiyyətin necə divan tutması hələ yaddaşlardan silinməyib. Bu mənada indi verəcəyimiz sual çox yerinə düşür ki, Azərbaycanda radikal iqtidar, yoxsa radikal müxalifət var? Bu sualı ona görə verdik ki, xalq bilsin ki, ölkədə radikal müxalifət yox, radikal iqtidar var.

Əgər ölkədə radikal müxalifət olsaydı xalqın haqq və hüquqları bu qədər pozulmazdı. Əgər bütünlükdə xalqın və fərd olaraq vətəndaşın siyasi və sosial hüquqları tapdanırsa, demək, ortada bu qanunsuzluğa kifayət qədər yetərli cavab verəcək müxalifət yoxdur. Əlbəttə, bunun səbəbləri barədə çox yazmaq olar, amma mahiyyət dəyişmir.

İndi hamı “ümumxalq nicatı” xüsusi qüvvə olaraq ancaq müxalifətdən gözləyir. Amma bir cəhəti başa düşmək lazımdır ki, müxalifət özü güc deyil, müxalifətin gücü xalqdadır. Xalq müxalifətə dəstək olacaqsa, gücə dönəcək, olmayacaqsa, yox. Siyasi qüvvə olaraq müxalifət bütün proseslərə adekvat reaksiya verib, mövqe nümayiş etdirib. Amma müxalifət ayrılıqda “möcüzəvi güc” sahibi deyil. Bu siyasi qüvvə xalq adlı güclə birləşdikdə isə müxalifət yox, bütünlükdə xalq möcüzə yaradır. O zaman xalq tarix yaradaraq tarix yazır. Bunun başqa yolu yoxdur.

Xalqın yaşayışı pisləşir, korrupsiya, rüşvət, inhisarçılıq, məmur özbaşınalığı, hüquqsuzluq baş alıb gedir, dövlət vəsaitləri rütbəli məmurlar tərəfindən ata malı kimi dağıdılır, mənimsənilir, şəxsi rahatlıqlarına xərclənir. Xalq bunlara etiraz edəndə və real müxalifət qüvvələri bu etirazı dəstəklədikdə müxalifətə və etiraz edən vətəndaşlara qarşı hakimiyyətin basqısı başlayır.

İqtidarda olanlar hakimiyyətin xalq tərəfindən seçki yolu ilə müəyyən müddətlik iqtidar adlı komandaya etibar edildiyini qəbul etmək istəmir. Hakimiyyətə ata-babadan qalma mirasları kimi yanaşır. Çünki 1993-cü ildən bu yana Azərbaycanda iqtidar hakimiyyətdə seçki vasitəsilə yox, seçkilərin nəticələrini saxtalaşdırmaq yolu ilə qalır.

Xalqın seçki yolu ilə hakimiyyəti dəyişmək imkanı əlindən alınır. Məhz bu hüququ xalqın əlindən aldığına, seçki saxtakarlıqlarını rəsmiləşdirdiyinə görə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Şöhrət” ordenilə təltif edilib.

İqtidar, bu iqtidarın təyin etdiyi parlament indi daha çox narahatdır. Çünki bütün Şərqi sarsıdan inqilablar dalğası Azərbaycana keçə bilər. İqtidar da bunu bilir. Ona görə də YAP-ın “uzaq vuran söyüş və təhqir topları” olan mübarizlər, siyavuşlar, qəzet adına təhqir, böhtan, yalanı peşə edənlər, iqtidarın tərbiyəsizlik maşını olan telekanallar müxalifətin üzərinə var gücülə hücuma keçib. Nəyi sübut etmək istəyirlər? Sübut etmək istəyirlər ki, xalq təbəqələri müxalifəti dəstəkləmir, iqtidarın arxasındadır.

Lap yaxşı. Əgər xalq müxalifətə dəstək verməyəcəksə, 5-10 nəfərlə meydanda qalaraq heç bir nəticəyə nail olunmayacaq. İqtidar da sübut edəcək ki, xalq müxalifəti dəstəkləmir. Bu mənada xalq müxalifəti dəstəkləmirsə, o zaman iqtidarın narahatlığına, qəzetlərdə müxalifəti söyməsinə ehtiyac da qalmır. Çünki, iqtidar xalqın müxalifəti dəstəkləməməsindən əmindirsə həmin dəstəyin olmaması müxalifət üçün ən böyük rüsvayçılıq olacaq.

Amma yox. İqtidar özü öz dediyinə inanmır. Elə həmin təhqir, söyüş, hədə-qorxu bu inamsızlıqdan doğur. İqtidar hamıdan yaxşı bilir ki, xalq nəinki iqtidarın arxasında deyil, əksinə, iqtidara güvənmir. Bu gün xalq ayağa qalxacaqsa, bu xalqın müxalifətə sevgisinin yox, məhz iqtidara etimadsızlığını göstəricisi olacaq.

İş adamlarına bilərəkdən maneələr yaradaraq var-dövlətlərini əllərindən almaq, sahibkarlara “haqq” qoymaq, paytaxtın mərkəz hissəsində mənzili, evi olan sadə vətəndaşların mülklərini müxtəlif əyləncə mərkəzləri yaratmaq adı ilə “dövlət ehtiyacları” üçün sökərək, adekvat kompensasiya verməmək, yüksək rütbəli məmurların qohum-əqrəbasının biznes sahələrini inhisara alması və sadalaya bilmədiyimiz nə qədər haqsızlıqlar iqtidara etimadsızlığın kökündə durur. İndi bu iqtidar səmimi desin, görək, kim radikaldır, müxalifət, yoxsa xalqa bu qədər zülmü edən iqtidar özü? Bu qədər haqsızlıqlardan irəli gələrək iqtidara etiraz məsələsində müxalifətin maraqları ilə xalqın maraqları üst-üstə düşür. İqtidar da bu məqamı bildiyi üçün ciddi şəkildə narahat olur.

Azərbaycanda iqtidarın cəmiyyətlə dialoq, müzakirə, vətəndaş cəmiyyəti institutları ilə diskussiya anlayışı yoxdur. Azərbaycanda hakimiyyətin mövqeyini dəstəkləyən “ictimai-siyasi xor kapellası”, bir də müxalifət qarışıq səsi eşidilməyən xalq var. Azərbaycan iqtidarı özünü cəmiyyətin tərkib hissəsi yox, cəmiyyətin hamısı sayır.

Bu iqtidar ərəb ölkələrində olan “əvəzolunmazlıq eybəcərliyi” kimi xəstə düşüncə tərzinə yoluxub və bu iqtidarın fikrincə, xalqın içində onlardan başqa idarəetmə qabiliyyətinə malik insanlar yoxdur. Əgər, Allahın seçdiyi və bəşərə müəllim olaraq göndərdiyi peyğəmbərlər gəlib-gedibsə və bu dünyanın nizamına təsir etməyibsə, iqtidarların gedişi xalqın həyatında ümumiyyətlə heç hiss edilməyəcək. Əslinə qalsa, ərəb ölkələrində iqtidarların rüsvayçılıqla qovulmalarının kökündə də həmin eybəcər “əvəzolunmazlıq” düşüncəsi durdu.

Radikallıq “məndən yoxdur, mən olmasam xalq batar, mənsiz xalq neyləyər” düşüncəsidir. Həmin radikallıqdır ki, iqtidar xalq iradəsi olan seçkilərin nəticələrini saxtalaşdırır və xalq adına hakimiyyətdə qalır.

Əgər iqtidar xalqın seçkilər yolu ilə hakimiyyəti dəyişmək haqqına əl uzatmasaydı, Azərbaycanda radikallıq olmazdı. Radikal Azərbaycan iqtidarı xalqın bu haqqına əl uzatmaqla, seçkiləri saxtalaşdırma yolu ilə xalqı bu haqdan məhrum etməklə xalqı da özü kimi radikallaşdırdı. Ona görə radikal iqtidarın ölkədə radikal müxalifət olması haqda danışması yersiz görünür.


Tofiq Türkel

Hiç yorum yok:

Yorum Gönder