Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

25 Ocak 2011 Salı

Azərbaycanın qurtuluş yolu bozqurdçuluqdadır

Bu yaxınlarda Azərbaycanda ABŞ-ın ideoloji təbliğat maşınlarından olan bir radiobüro ideoloji problemlərə həsr edilmiş canlı debatlar keçirdi. Debatda iştirak edən Azərbaycanın “sosorçu ideoloqları” əsasən belə bir süni mövzuları vurğulamaq istəyirdilər ki, guya milli toplumumuzda yeganə ideologiyalar yalnız siyasi islamçılıq, liberal-demokratiya və sosializmdir.


Debatda iştirak edən və özünün bir “intellektual” kimi təqdim edildiyindən qoltuqlarının altı şişmiş birisi hətta bildirirdi ki, Azərbaycanda “millətçilik”, “türkçülük” və “bozqurdçuluq” yer tapa bilməmişdir.

Milli mənsubiyyəti qaranlıq olan bu kəs iddia edirdi ki, guya azərbaycanlıların mentaliteti “millətçiliyi” qəbul etmir.

Əlbəttə, bu sorosçu “ideoloqların” və ya “səfirlik partiyalarının” ideoloji-konseptual müavinlərinin öz marginal publikalarına hesablanmış zəvzəmələrinin üstündən keçmək də olardı. Amma onların Azərbaycanda Türkçülük və Millətçiliklə bağlı fikirləri açıq-aydın qərəzlidir.

İlk növbədə ondan başlayaq ki, millətçilik məhz müasir dövlətçilik şüurunun, ideyasının altyapısını təşkil edir. XIX əsrin sonlarından etibarən dünyada müstəqil dövlət yaratmaq uğrunda müxtəlif millətlərin mübarizəsi məhz millətçilikdən doğmuşdur. Hər bir millət özgürlüyünü saxlamaq, assimilyasiyadan xilas olmaq üçün öz müstəqil dövlətini yaratmaq istəyirdi.

Nəyə görə hər hansı millət özgürlüyünü, dilini, mədəniyyətini qoruyub saxlamaq istəyir? Çünki hər bir canlı varlığın mənəvi dünyasının kökündə, genetik proqramında kökü Tanrı tərəfdən qoyulmuş “kollektiv özünümüdafiə” instinkti vardır. Bu özəllik insanlıq müstəvisində, sosiumda millətçilik kimi təzahür edir. Özünü dərk etmək və buradan irəli gələrək öz soyunu qorumağı ehtiva edən fikir və baxışlar toplusu isə, sözsüz ki, millətçilikdir. Məntiqi olaraq buradan çıxış edərək demək olar ki, vətənpərvərliyin, Vətən sevgisinin kökündə də millətçilik durur. Beləliklə, hər hansı bir millətdə millətçilik ideologiyası olmasa idi, onun dövləti də olmazdı. Deməli, əgər 1918-ci ildə və 1980-1990 illərdə Azərbaycan Türklüyünün millətçilik ideyası olmasa idi, bu gün heç Azərbaycan Respublikası adlı dövlət də olmazdı.

Hansısa “səfirlik partiyasının” sədr müavininin və sorosçu “ideoloqun” qərəzli və ya gerçəklikdən uzaq düşüncəsinə görə, guya millətçilik zərərli ideologiyadır. Bunu iddia edənlər daim Hitler Almaniyasını bir misal kimi gözə soxurlar. Amma despotik rejimə, kütləvi repressiyalara qalsa, bu dünyada ən qəddar rejimi məhz sosialist ideyası dünyaya bəxş etmişdi. Misal kimi elə SSRİ-ni, Quzey Koreyanı göstərsək yetər.

Digər tərəfdən, millətçilik ideyası Tanrı tərəfdən canlı varlığın genetik yaddaşına qoyulmuş “kollektiv özünümüdafiə” instinktinə əsaslandığı üçün istənilən digər ideologiyadan daha dərin özüllüdür və tarix bunu dəfələrlə sübut edib. Məsələn, hələ bəşəri dinlərə qədər olan qədim və antik dünya tarixini götürsək buradakı bütün sivilizasiyalar (Qədim Mesopotamiya, firon Misiri, Manna-Midiya, Əhəməni-Sasani, İçoğuz-Skif-Hun imperatorluqları, yunan, Roma və d.) primitiv formada olsa da millətçi köklü yaranmalar idi. Hətta, bəşəri dinlər də millətçilik qayəsinin mövcudluğu ilə hesablaşaraq təzahür etmişlər. Məsələn, xristianlığın qərb və şərq (katolisizm və pravoslavlıq) qollara bölünməsinin kökündə dini fikir ayrılığından daha çox milli dildə ayin məsələsi dururdu. Daha sonralar katolisizmin içindən protestantizmin ayrılması da öz kökündə milli dil, milli özünüdərkə dayaqlanırdı.

İslam tarixi də millətçi mübarizənin təzahüründən qaça bilmədi. Ərəbistanın vəhşi əhalisi qısa bir zamanda islamdakı “ümmə” tezisini bir kənara qoyub əslində feodal ərəb millətçiliyinə əsaslanan imperiya yaratdılar. Daha sonralar isə, xəlifə sarayının müxtəlif millətlərin (əsasən ərəb, türk və fars) hegemonluq uğrunda mübarizə və intriqa yuvasına çevrilməsini görürük.

Beləliklə, Yaradan tərəfindən daha dərin köklərə malik “soy təəssübkeşliyi” bütün ideologiyalardan üstün oldu. Hətta “sosialist-kommunist beynəlmiləlçiliyi” də müxtəlif ölkələrdə millətçiliyə əsaslanırdı. SSRİ-də rus, Çində isə çinli (xani) şovinizminin olmamasını yalnız savadsız və ya zarafatcıl adam söyləyə bilər.

Bu gün biz “liberal-demokrat” Avropasında millətçi qüvvələrin güclənməsinin şahidiyik. Çünki II Dünya Müharibəsini görmüş qoca nəsil sürətlə azalır, yeni nəsil isə, Batıda qlobalizm və miqrasiya problemləri ilə bağlı milli dəyərlərin silinməsi təhlükəsini instinktiv səviyyədə hiss edir və buna müqavimət göstərir.

Milli mənsubiyyətini özü üçün hələ həll etməmiş hansısa sorosçu politoloqun və “səfirlik partiyası” ideoloqunun bir fikiri ilə qismən razılaşmaq olar ki, azərbaycanlıların mentaliteti millətçiliyi qəbul etmir. Əslində bu məsələdə millətçiliyi bir qüsur kimi göstərmək ağılsızlıq olardı. Problem azərbaycanlıların rus-sovet dönəmində manqurtlaşmaya, ruslaşmaya məruz qalmış mentalitetindədir. 1918-1930-cu illərdə milli əqidəli ziyalılarının tam fiziki soyqırımından sonra bir neçə nəsili yanlış şablonlarla, milli özünüdərkdən uzaq baxışlarla yetişdirilmiş azərbaycanlı türklüyünün dünyadərki sözsüz ki, 1980-1990-cı illərdə istər erməni faşizmi, istər Batı anti-türkizmi, ya rus imperializmi və ya da ermənipərəst fars şovinizmi qarşısında yalnız karıxıb qalmışdı. Necə deyərlər, “biz heç bilməzdik ki, siz beləsiniz?!”...

Əslində hamı “belədir”. Yəni bütün normal özünüdərkə malik millətlər millətçilik ruhunda tərbiyə edilirlər, millətçilik qayəsini əsas tuturlar və siyasi millətçi ideologiyaya sahib qurumlara (dərin dövlətdən tutmuş millətçi partiyalaradək) malikdirlər. Deməli, problem bizim özümüzdədir. Əlbəttə, sovetin manqurt “mental xüsusiyyətlərindən” inqilabi yolla can qurtarmaq mümkün olmayacaq. Bizim mentalitetin bütünlüklə millətçilik, Türkçülük və Bozqurdçuluq üçün açılması zamanın işidir və bu prosesdə ən güclü katalizator erməni faşizmi, rus, ya Batı anti-türk imperializmi və ya da ermənipərəst fars şovinizmi olacaqdır.

Qarxunlu

P.S. Cənab sorosçular və “səfirlik partiyaları” təmsilçiləri! Əslində Azərbaycanda gündən-günə güclənən millətçi ideologiya və onun siyasi qurumları var. Sadəcə siz onu görmək istəmirsiniz, çünki sizə və sizi yemləyən əcnəbi qüvvələrə Azərbaycanda yetişən bozqurdçu hərəkatı görmək sərf etmir... Amma nə sizin nə də arxanızdakı əcnəbi daydaylarınızın fikrindən asılı olmalayaraq Azərbaycanın qurtuluş yolu bozqurdçuluqdadır, yəni millətçilik və millət yolunda fədakarlıq dünyagörüşündədir.



“Millətçilik” qəzeti � 03 (117) 22 – 28 yanvar 2011-ci il

Hiç yorum yok:

Yorum Gönder