Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

18 Ocak 2011 Salı

İranın Azərbaycan və Ermənistana olan fərqli münasibəti...

Azərbaycana qarşı ikili siyasətini davam etdirən İran Ermənistanın xilası istiqamətində fəaliyyətini genişləndirir. 


Özü də bütün bunlar İranın dini zəmində Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin genişləndiyi bir vaxtda baş verir. İran İslam Respublikasının (Cümhuriyyətinin) iqtidaryönlü ruhanisi ayətullah Nasir Məkarim Şirazi bu məsələ ilə bağlı bir müddət əvvəl açıqlama verərək qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanda İslam ehkamına və hicaba riayət edilməsi lazımdır.

Bunun ardınca ayətullah Cəfər Sübhaninin ölkə rəhbərliyini hicab qadağasını ləğv etməyə çağırması isə cənub qonşumuzun ölkənin daxili işlərinə qarşımaq cəhdinin daha bir göstəricisi oldu.

Lakin nədənsə, Ermənistan əlaqələrində İran müsəlmançılığı, islam həmrəyliyini tamamilə unutmağa üstünlük verir. Azərbaycan ərazilərini işğal altında saxlayan bu dövlətin iqtisaci cəhətdən dirçəlməsi üçün hər cür yardımlar göstərir. Ermənistanı təbii qazla təmin edən İran bu dəfə sözügedən ölkənin neftə olan ehtiyacını daha ucuz qiymətlə ödəmək istiqamətində addımlar atmağa hazırlaşır. Bu məsələ İranın neft sənayesi nazirinin müavini Əlirza Zeyqaminin Ermənistana üç günlük səfəri zamanı yenidən gündəmə gətirilib.

Qeyd edək ki, səfər çərçivəsində nazir müavini Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsesyanla görüşüb. Görüşdə nazirlər Ermənistan və İran arasında enerji əməkdaşlığı sayəsində məsələləri müzakirə edib. Bundan başqa, görüşdə əsasən 25 illik perspektivi olan Ermənistan-İran qaz sövdələşməsi müzakirə edilib. Eyni zamanda, iki nazir arasında İrandan Ermənistana çəkiləcək sayca üçüncü olan yüksəkvoltlu elektrik enerji xətti məsələsinə də toxunulub.

Nazirlər, həmçinin, 2014-cü ildə tikintisi yekunlaşacaq və uzunluğu 365 kilometr olan Təbriz-İrəvan neft kəməri məsələsinə də toxunublar. Qeyd edək ki, Təbrizdən Araqçaya qədər olan və ümumi uzunluğu 365 km təşkil edən neft boru kəmərinin Ermənistan ərazisində uzunluğu 265, İran ərazisində isə 110 km-dir. Kəmərin tikintisinin ötən ilin payızında başlanacağı bildirilirdi. İran Cənubi Azərbaycanın Təbriz şəhərində tikilən "Şəhriyar" kombinatında istehsal edilən neft məhsullarını Ermənistan və bir sıra Orta Asiya ölkələrinə satmağı planlaşdırır. İlkin hesablamalara əsasən, kəmərin tikintisinə 160-180 milyon dollar sərmayə qoyulacağı planlaşdırılıb. Maliyyələşmə hər iki tərəfə 50/50 nisbətində düşür. Ancaq Ermənistan, faktiki olaraq, heç bir sərmayə yatırmayacaq. Razılaşmaya görə, İran erməni tərəfinin əvəzinə də sərmayə yatıracaq. Əvəzində isə neft kəmərinin istismarından əldə ediləcək gəlirlərin hesabına vəsait əldə edəcək.

Tehran və İrəvan hesab edir ki, bu kəmərin köməyilə neft məhsullarını körfəzdəki qiymətlərdən 15-20 dollar ucuz əldə etmək mümkün olacaq. Xəttin çəkilişilə bağlı danışıqlar 1993-cü ildən aparılır. İki ölkə arasında qaz kəmərinin tikintisi isə 2006-cı ildə başa çatıb və bir il sonra istismara verilib.

Digər məlumata görə, İranın Ermənistana yaxın perspektivdə daha bir iqtisadi töhfəsi reallığa çevrilə bilər. Söhbət iki ölkə arasında dəmiryolu əlaqəsinin yaradılmasından gedir. Hələ bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Ermənistan İranla dəmir yolu əlaqəsi yaratmağı arzulayır. Onun sözlərinə görə, bu istiqamətdə xeyli iş görülüb və Ermənistanla İran bu vəzifənin öhdəsindən gələcək. Qeyd edək ki, İran-Ermənistan dəmir yolu erməni tərəfinə enerji daşıyıcıları və digər yüklərin daşınması üçün alternativ vasitə olacaq və xarici aləmə çıxış rolunu oynayacaq. Hazırda Ermənistanın xarici ölkələrlə dəmir yolu əlaqələri yalnız Gürcüstan vasitəsilə həyata keçirilir. İndi İran alternativ dəmiryolu xətti üçün öz ərazisini Ermənistana təklif edir. İki ölkə arasında bununla bağlı razılaşmaya əsasən, artıq Tehran İran ərazisində tikiləcək 60 km uzunluğunda xəttin texniki-iqtisadi işlərini yekunlaşdırıb. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar.

Ekspertlər bildirir ki, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Ermənistanla hərtərəfli münasibətlərini genişləndirməsi onun ikitərəfli siyasət aparması faktını ortaya qoyur. Hazırda İran Ermənistan üçün iqtisadi baxımdan kifayət qədər gələcək vəd edən bir ölkədir. Həmçinin, İran Ermənistana dünya bazarına çıxış üçün geniş imkanlar yaradır. Dağlıq Qarabağ münaqişəsini nəzərə almayan İran Ermənistanla iqtisadi əlaqələrini genişləndirməklə birmənalı olaraq onlara köməklik göstərmiş olur. Bütün bunlar onu göstərir ki, qonşu ölkə olan İran regionda ikili siyasət aparır. Ekspertlər vurğulayır ki, Azərbaycanın bu məsələ ilə əlaqədar İrana münasibət bildirməyə kifayət qədər haqqı var. Bu haqqı İranla aparılan danışıqlar və bağlanan bir çox sazişlərlərlə də əlaqələndirmək olar. İndi beynəlxalq sanksiyaların əlində əsir qalan İranla Azərbaycan münasibətlərini müəyyən qədər məhdudlaşdırmaqla bu ölkəyə ciddi təzyiqlər göstərə bilər. Bakı xəbər

Hiç yorum yok:

Yorum Gönder