Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

29 Ocak 2011 Cumartesi

Sarkisyan nağıllar aləmində: yalnız sehirli çubuqla narazı kütlənin qarşısı alına bilər

 
Ermənistan hakimiyyəti 2011-ci ilə özünün kabusu kimi baxır, vəziyyətdən çıxış yolunu isə ermənisiz Ermənistan yaratmaqda görür.

 

Ermənistanda siyasi vəziyyət iqtisadiyyatda olduğu kimi, dərin böhranın içindədir. Hadisələrin gedişatı, Sarkisyan hakimiyyətinin atdığı addımlar və ölkəni bürüyən sosial gərginlik mahiyyət etibarı ilə vəziyyəti daha da çıxılmaza salmaqdadır. Bir tərəfdən müxalifət fəallaşır, digər tərəfdən Koçaryan artıq siyasi arenaya qayıdır, digər tərəfdən də əhali arasında artan narazılıq fonu daha da tündləşdirir. Sarkisyan isə yaranmış problemdən çıxmaq üçün kadr dəyişikliyinə üstünlük verir.

Sarkisyan nə istəyir?

Ermənistan hakimiyyətində baş verən silsilə kadr dəyişiklikləri sözsüz ki, boşuna deyil. Əslində, gedişatdan belə anlamaq mümkündür ki, Sarkisyan özü vəziyyətdən çıxmaq üçün başqa yol görmür. Yəni, baş verənləri təhlil edərkən ilk olaraq, Sarkisyanın nə istədiyini aydınlaşdırmağa gərək var.
Qeyd edək ki, İrəvan hakimiyyətinin qarşısına qoyduğu başlıca məqsəd bir neçə istiqaməti əhatə edir. Birincisi odur ki, Sarkisyan yaranmış gərginliyin onun devrilməsinə gətirib çıxara biləcəyindən ehtiyat edərək, özünü 2012-ci ilə kimi dartıb aparmaq istəyir. Bunun üçün hakimiyyət içində kadr dəyişikliyinin dərman ola biləcəyini düşünən Sarkisyan, həm də daxili intriqaların həddini də neytrallaşdırmaq barədə düşünür.
İkinci istiqamətə gəldikdə isə İrəvan hakimiyyəti müxalifətin fəallaşdığı indiki dönəmdə mümkün qədər əhalinin narazılığını aradan qaldırmağa çalışır. Amma indiyə qədər nail ola bilmədiyi məsələnin qısa müddət ərzində həll edə biləcəyi də inandırıcı deyil. Məsələn, bu gün Ermənistanda əhali təbii qazın qiymətinin qalxması səbəbindən ondan imtina etməyə başlayıb, yaşanan gərginlik fonunda ermənilərin stress və sıxıntılar üzündən total şəkildə ölməsi halının önlənməsi heç də bir neçə ayın işi sayılmır. Belə olan təqdirdə, Sarkisyanı qarşıda ciddi başağrıları gözləyir.

Serji nələr qorxudur?

Bütün bunların fonunda Sarkisyanı qorxudan başqa səbəblər də var. Onların arasında müxalifətin güclənməsi, Koçaryanın yenidən siyasətə qatılması, sosial partlayışların artıq qaçılmaza çevrilməsi bu qəbildən olanlardır. Bu məsələləri bir-bir aydınlaşdırmağa çalışaq.
Məlumdur ki, Ermənistanı indiki vəziyyətə salan işğalçı hakimiyyət mövcud durumu dəyişə biləcək gücdə deyil. Bəzi kadr dəyişiklikləri etməklə durumu düzəltməyin mümkünlüyünə inanan, əslində isə bunun daha da dərin böhranlara aparıb çıxaracağını unudan Sarkisyan hökumətinin ehtiyat etdiyi bir sıra proseslər baş verir.

Birincisi, Ermənistanda müxalifətin getdikcə daha da total şəkildə meydanlara çıxmasıdır. Ötən ilin sonlarından etibarən aktivləşən və ard-arda bir neçə aksiya keçirən Erməni Milli Konqresi (EMK) son yığıncağında yeni mitinqlərlə bağlı bir sıra qərarlar verib. Hələ xeyli əvvəldən də məlum idi ki, EMK-nın başlıca məqsədi 1 mart hadisələrinin ildönümünə kimi, Ermənistanda hakimiyyəti dəyişməkdir. Elə aktivliyin bu səviyyəyə çatmasında da həmin iddianın böyük rolu var.

Erməni diasporu da Serjdən üz döndərdi

İkincisi, Robert Koçaryanın yenidən siyasi arenaya dönmək barədə dolayı qərar verməsidir. Artıq bəlli olan budur ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan Serj Sarkisyanı hakimiyyətə gətirməsinə peşman olub. Elə buna görə də, hakimiyyətin yaratdığı koalisiyada təmsil olunan və məşhur erməni oliqarxı Qaqik Sarukyanın «Çiçəklənən Ermənistan» Partiyası ilə anlaşmağa başlayıb. «Jamanak» qəzetinin bununla bağlı yazdığı məlumatdan da belə anlaşılır ki, artıq sabiq prezident öz adamlarına bu partiyada cəmləşməyə və onun güclənməsinə yönəldib. Belə bir vəziyyətin yaranmasını şərtləndirən bir başqa cəhət də odur ki, Sarukyan qarşıdan gələn prezident seçkilərində Serj Sarkisyanı dəstəkləməyəcək. Belə olan təqdirdə, Koçaryan da işini etirbarlı tutmaq üçün 2007-ci ildə ləğv edilmiş «Daşinq» Partiyasının sədri olmuş Samvel Babayanı da ÇEP-ə yönəldib. Aydın məsələdir ki, Babayan Koçaryanın ən yaxın adamlarından biridir və eks-prezidentin tapşırığı olmadan onun bir addım belə atması mümkün deyil.

Üçüncü qorxu yaradan başlıca səbəb Ermənistanda yaşanan aclıq və səfalətdir. Bunun vaxtaşırı təzahürlərinin meydana çıxması isə ciddi başağrısına çevrilib. Ölkədə məmur-oliqarxların bütün iqtisadiyyatı ələ keçirməsi və ermənilərin də aclıq üzündən vaxtı ötmüş məhsulları almaq məcburiyyətində qalması, habelə total ölüm hallarının çoxalması Sarkisyan hakimiyyətinin kürsüsünü laxlatmağa başlayıb.

Ancaq bütün bu qorxuların içində ən əsası olan başqadır. Daha doğrusu, Serj Sarkisyanın ən çox ehtiyat etdiyi və bəlkə də arzulamadığı bir hadisə baş qaldırıb ki, onun da yekunda Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmaza çevrilə bilər. Söhbət erməni diasporunun fəaliyyətindən və son dövrlər göstərdiyi münasibətdən gedir.

Daşnaklar Sarkisyanın axırına çıxa biləcəklərmi?

Qeyd edək ki, Türkiyə-Ermənistan protokolları məsələsinə kimi, hələ bir qədər də düşünməyi məsləhət bilən diaspor bu hadisədən sonra yığılıb qalmış hirsini ortaya qoydu. Sarkisyanın dünyanın çeşidli ölkələrində bununla bağlı keçirdiyi görüşləri sərt şəkildə tənqid edən və etirazını göstərən erməni diasporu, bunun ardınca Ermənistan hakimiyyətini də hədələməyə başladı. İlk hədə hakim koalisiyada təmsil olunan Daşnaksütun Partiyasının bu birlikdən çıxması ilə özünü göstərdi. Aktiv müxalifətə keçən və 2011-ci ili Ermənistanda Sarkisyan hakimiyyətinin sonu kimi qarşısına məqsəd qoymuş daşnaklar ilk olaraq növbədənkənar parlament seçkilərinin baş tutmasını düşünürlər. Şübhəsiz, erməni diasporunun təlimatı əsasında hərəkət edən daşnaklar bu planı özbaşına həyata keçirmək fikrində deyillər. Ölkənin içində ciddi dayaqları olan və diasporun da dəstəyini qazanmış daşnaklar hələlik EMK ilə anlaşa bilməsə də, aydın məsələdir ki, bir müddətdən sonra yaxınlaşma baş verəcək. Artıq danışıqların başlanmasına dair xəbərlər yayılır və belə proqnozlaşdırılır ki, qısa müddət ərzində EMK ilə EDP arasında müttəfiqliyə dair saziş imzalanacaq. Belə bir müttəfiqliyin baş tutması isə Sarkisyanın sonunu yaxınlaşdıracaq ki, bunun da qarşısını almaq üçün tək çıxış yolu erməni diasporu ilə anlaşmaqdır. Bunun da mümkünlüyü inandırıcı deyil.

Çünki erməni diasroru ABŞ və Rusiyanın maraqlarının toqquşduğu Ermənistanda yeni bir hakimiyyətin qurulmasını istəyir. Bunun üçün təkcə daşnakların deyil, həmçinin təsir dairələrində olan siyasi qüvvələrin də imkanlarından yararlanacağı şübhəsizdir. Geniş maliyyə imkanı olan, habelə onun hansı şəkildə sərf olunmasının fərqinə varan diasporun bu prosesi nə zaman başa çatdıracağı bəlli deyil. Amma baş verənləri diqqətlə izlədikdə Sarkisyanın qorxusunun əsas tərəfini də prosesin bu il gerçəkləşə biləcəyidir.

«Ermənisiz Ermənistan» siyasəti: əhalisiz ölkənin nə problemi var ki?

Erməni mətbuatı isə Sarkisyanın düşdüyü durumu şərh edərək, bununla bağlı çeşidli təhlillər yazır. «Aravot» qəzetinin yazdığı təhlildə vurğulanır ki, Ermənistan hakimiyyəti hazırkı məqamda qorxu içində olsa da, vəziyyətə nəzarəti əlində saxlamağa çalışır. Qəzet iddia edir ki, Sarkisyanın kadr dəyişikliyinə getməsi daha çox hakimiyyət olimpində baş verən toqquşmaları önləmək və narazılıqları aradan qaldırmaqdır: «Amma Sarkisyan bunun qarşısını ala biləcək gücdə olduğunu düşünsə də, reallaşacağı inandırıcı deyil. Çünki hakimiyyətdə təmsil olan məmurların hamısı kifayət qədər varlıdır və onların hər biri özünü prezident kimi görür. Hətta Sarkisyan özündə güc tapıb onları işdən çıxarsa belə, bu, məmurların siyasi elitaya təsirlərinin azalması anlamına gələ bilməz. Yəni, Sarkisyan indiki addımları ilə yalnız hakimiyyətinin ömrünü bir qədər uzada bilər» - erməni qəzeti yazır.

Serjik nağıllar aləmində səyahətdədir?

«Jamanak Aykakan» qəzetində dərc olunmuş başqa bir məqalədə isə Sarkisyan demək olar ələ salınıb. Qəzet yazır ki, Ermənistanı bəlanın içinə sürükləyən və indi də ölümcül vəziyyətdə olan bir xəstəni diriltməyə çalışan Sarkisyan, həddindən artıq gecikib. «Bu qədər işlərdən sonra ölkə böhrana düşübsə və onu oraya salan da Sarkisyandırsa, o zaman vəziyyətdən necə çıxa biləcək? Bəlkə, Sarkisyan düşünür ki, Karapetə desə ki, üsyan etmə, yəqin etməyəcək. Və ya hesab edir ki, onun əlində sehirli çubuq var və onu fırladan kimi Ermənstanda hər şey düzələcək. Yəni, Serj nağıllar dünyasında yaşadığını düşünür».

Bu yerdə "Alisa möcüzələr aləmində" cizgi filmini xatırlayıb feyziyab olsaq da, Sarkisyanı möcüzəli səyahətdən geri çağırmaq məcburiyyətindəyik. Çünki Ermənistan siyasətçiləri onu başqa bir məsələdə də ittiham edirlər. Onlar birmənalı şəkildə deyirlər ki, Sarkisyan hakimiyyəti Ermənistanda «ermənisiz Ermənistan» siyasəti həyata keçirir. İrs Partiyasının parlamentdəki nümayəndəsi Armen Maritrosyan bununla bağlı verdiyi açıqlamasında deyir ki, Ermənistan hakimiyyəti ölkədə normal dövlət quruculuğu ilə deyil, anormal dövlət dağıdıcılığı ilə məşğuldur. «Ermənistan hakimiyyəti benəlxalq hesabatlarda yazılanları ciddiyə alsaydı, indiyə qədər ölkədə vəziyyət bugünkü şəkilə düşməzdi. Mənim bildiyim odur ki, Sarkisyan hakimiyyəti qarşısına tək bir məqsəd qoyub. Onların istədiyi budur ki, Ermənistanda ermənisiz bir ölkə yaratsınlar. Çünki əhalisiz ölkə problemsiz boş torpaq sahəsi deməkdir».

Ermənistanın beynəlxalq aləmdə imici məsələsinə gəldikdə isə, Maritrosyan bildirib ki, Sarkisyan hakimiyyətini bu məsələ də maraqlandırmır: «Ermənistanın imici beynəlxalq aləmdə bir sıra mərhələlərdən keçib. İndiyə qədər aparılan siyasətin məntiqi nəticəsi belədir ki, Ermənistan qeyri-azad ölkə olmaqla yanaşı, həm də antidemokratik bir dövlətdir. Sarkisyan isə vəziyyətdən çıxmaq üçün başqa bir şey haqqında düşünür. Real vəziyyəti düzəltmək əvəzinə, Ermənistan vətəndaşlarının ölkədən çıxmasını təmin etməyə çalışan hazırkı hakimiyyət bununla da problemi həll edəcəyinə ümid bağlayır. Bu, ağılsız siyasətdir» - bunu özləri deyir.

http://milli.az/news/armenia/34583.html

Hiç yorum yok:

Yorum Gönder