Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

30 Mart 2011 Çarşamba

Əski türk mitolojisindəki dişi qurd söyləncərinin Güney Azərbaycana yansımaları


Çox əski çağlarda yaşamış insanlarda dünya, din, yaşam haqqındakı qavramlar hələ tam oluşmamış, biçimlənməmişdi. Bu qavramlar doğum, ölüm, törəyib çoxalma anlayışları ilə bağlı olub bütövlükdə təbiət kültünü ortaya qoymuşdu.
Sonradan yaranacaq bütün dini görüşlərin, mitolojik sistemlərin özülü bu təməl qaynaq olan təbiət kültü üzərində qurulmuşdur. Öz içində həm yaranışı, həm də yox oluşu qovuşduran təbiiət kültündən ilkinliyi, başlanğıcı tərənnüm edən Mitolojik Ana kültü çıxmışdır. Əslində mitolojik sistemlərin çoxunda bütün canlı varlıqların anası olaraq bilinən və ürətici gücə sahib Qutsal Dişi - Mitolojik Ana paradiqması vardır. Türk mitolojisinin ilk qatmanı olaraq gördüyümüz Mitolojik Ana inanışından daha sonra Yer-Su, Ağ Ənə, Humay, Ayzıt kimi dişil varlıqlar çıxsa da, bunlar Mitolojik Ananın uzantısı, törəməsi olan qoruyucu, hami ruhlar olub çox vaxt androjen (cinsiyyətsiz vəya hər iki cinsin özəlliklərini daşıyan) yapıdadırlar.[1] Tanrı və tanrıçalar şəklində ayrışmış dini görüşlərin əski Türklərdə olmadığını görürük. Bunun da səbəbi tək tanrılı fəlsəfi dünyagörüş üzərində köklənmiş Türk mitolojisində çox tanrılı dini sistemlərdən fərqli olaraq cinsiyyət fərqliliyinin olmamasıdır.[2] Bu kült zamanla gəlişərək uzun bir sürəc sonucunda sadə, ilkəl (primitiv) Mitolojik Ana varlığından çətin, qarmaşıq fəlsəfi düçüncələrin hakim olduğu somut (konkret) tanrıçılıq sisteminə keçmişdir. Türk Milli kültürünün Qutsal Dişi – Mitolojik Ana inanışından Göy Tanrı inancına yönəlmişdir. Altay dönəmi deyə biləcəyimiz bu yeni dönəmdə iqtisadi şərtlər dəyişmiş, toplum gəlişmiş, dövlət quruculuğu ön plana keçmişdir. Bu dönəmdə qəbilə birliklərini bir araya gətirmə, güclü dövlət qurma, cahana hakim olma şüuru Mitolojik Ana anlayışını Göy Tanrı dini sisteminə ötürmüş oldu. İlkəl çağda göy və yeri birləşdirmə funksiyası üstlənən, ürətici və tək tapınma kültü olan Mitolojik Ana, yaratma görəvini, göy və yeri birləşdirmə işləvini Göy Tanrıya devretmiş oldu. Beləliklə, Göy Tanrı, səcdə edilən ən uca varlıq olaraq dövlətin, millətin və vətənin qoruyucusu olması baxımından senkretik şüurdan dini mitolojik şüura keçmə olqusudur. Bunun sonucunda da zamanın və məkanın dışına çıxaraq sirli aləm olan göylərə çəkilmişdir. Əski Turan millətləri tək tanrıya doğru evrilirkən (təkamül edərkən) çıxış nöqtəsindəki kült `Qurd Anadır`.[3]



Qurd, Türk Mitolojisinin ən önəmli simgələrindən (simvol) biridir. Qurda başqa Türk xalqları `Börü`, `Böri`deməkdə və yalniz Oğuzlar `qurd` olaraq adlandırmaqdadırlar. Əski Türklər qutsal Qurda `Kök Börü`, yəni Göy Qurd deyirdilər. Bunun da nədəni göy rəngin Tanrıyla, göylərlə olan bağını göstərərək, bir şeyin qutsallığını bəlirtmək üçün idi. Beləcə Göy Qurd da Tengridən qut almış bir varlıq idi. Türklərdə `Qurd-Ata ilə ilgili törəyiş söyləncələri (əfsanələri) daha əski çağlarda, Qurd-Ana ilə ilgili söyləncələr isə daha yeni çağlarda ortaya çıxması olasıdır. Bahaeddin Ögel, başlanğıcdan bəri həm Qurd-Ana, həm də Qurd-Ata motivlərinin mövcud ola biləcəyini yazır. “Fəqət görünüşə görə böyük dövlətlər quran Ortaasya xalqları və özəlliklə Türklər, Qurd-Ana üzərində birləşmişlər və Qurd-Ata da yavaş yavaş önəmini itirmişdi. Ancaq Kamçatkalılar və Moğollar kimi geri toplumlarda bu Qurd-Ata motivi davam etmişdir.”[4] “Böyük dövlətlər qurmuş olan Türklərdə qurd, artıq bir simvol halına gelmişdi. Onlarda din və totemizm izləri çoxdan itib getmişdi. Qurd, Göytürklərdə tuğlar ilə bayraqların təpəsində yer alma yoluyla, bir dövlət simvolu olmuşdu. Ortasya, Altaylar ilə Sibirdə yayılan Türk xalq ədəbiyyatında isə qurd, hələ də qalın bir mitoloji tülünə bürünmüş görünməkdədir.”[5]



İlk Türklərdən (Proto-Türklər) gələn və Qurd Ana motivlərinin olduğu ən əski dastanlar , Kök Börü və Ərgənəkon dastanlarıdır. Əski Türk törəyiş söyləncələri daha çox Türklərin dişi qurd soyundan gəlmələri, bəzən də erkək qurddan törədikləri haqqındadır. Türklərin sonrakı dönəmlərə aid dastanlarında dişi qurd hər zaman Türk soyunun qurtarıcısı, bəsləyicisi, dara düşəndə yol göstərəni rolunda göstərilir. Bütün bu dastanların ortaq özəlliyi göydən endiyinə inandıqları qutlu varlıq olan qurdun, Türk ulusunu yox olmaqdan qurtarmaq, soyunu sürdürmək üçün göndərildiyinə olan inamdır. Qurtarıcı, bəsləyici, yol göstərici Qurd Ana motivlərinin olduğu bəzi Türk söyləncələrindən aşağıdakı örnəkləri verə bilərik :



Körpə uşağı əmizdirərək qurtaran Qurd



Wu-sun qəbiləsi M.Ö. 174-cü ildən öncə Çinin batısındakı Kansu əyalətində yaşayırdılar. Bu qəbilənin xaqanının adı Kun-mo idi. Kun-mo çox kiçik olduğu zaman Hunlar onlara hücum edib Kun-monun atasını öldürürlər, ancaq balaca Kun-moya qıymayıb onu tək başına çölə, ölüm-qalım sınağına atırlar. Çöldə iməkləyən uşağın yanına gələn bir qarğa dimdiyindəki əti ona verir. Daha sonra da bir dişi qurd ona yaxınlaşıb məməsindən körpəyə süd verərək onu əmizdirir. Bunu uzaqdan görən Hun Hökümdarı uşağın qutsal olduğuna inanır. Uşağı yanlarına alıb onu gözəlcə yetişdirirlər. Uşaq böyüyüb igid bir oğlan olur, sonra da böyüyüb Wu-sun krallığının başına keçir.



“Türk Bitik’” adlı əsərin Məşhəd əlyazmasındakı dastan da Ərgənəkon söyləncəsinin bir başqa variantıdır. On min çadırla bozqırda dinlənən Türk ordasına qəflətən düşmən hücum edir. Türklər qılıncdan keçirilir. Qanlı savaşdan sonra bir təpədən ölülərə baxan bir qurd cəsədlərin arasında kiçik bir uçağın tərpəndiyini görür. Dişləri ilə uşağın çiynindən tutan qurd onu mağaraya aparır. Gözəl bir ovada oğlanı bəsləyib böyütməyə başlayır. Bir gün yamyaşıl gözləri olan bir qız uşağını da gətirib ikisini birdən böyüdür. Uşaqlar böyüyüb evlənirlər. Uşaqları olur. Onların da uşaqları olur. Beləcə artıb çoxalırlar. Obalara, oymaqlara bölünürlər. Ən böyük iki oymağın başında Uyğur Xan ilə Tolun Xan vardı. Onlardan sonra Kiçik Xan gəlirdi. Togu Bəy ilə Salçık Bəy xanların danışmanı idi. Böyük obalardan birinə Kerinç Bəy, birinə Təkin Bəy başçılıq edirdi. Güləşdə və atıcılıqda ərləri geridə qoyan Ərdənər Xatun da böyük bir obanın başında idi. Günlərdən bir gün bu ova bizə dar dedilər; dağları dəlib çıxdılar. Atalarından dinlədikləri düşmənin ölkəsinə gedib taxtı ələ keçirdilər.[6]



Dişi qurdun körpəni südüylə bəsləməsindən söz edilən bir başqa söyləncə də yeni dönəmə aid Bəydilli söyləncəsidir. Suriyədən Anadoluya gələrək burada yaşayan Bəydilli obasına qarşı vuruşan Yusuf paşa qalib gəlir. 1691-ci ildə baş verən bu olaydan sonra Bəydillilər gəldikləri bölgə olan Rakkaya sürgün edilirlər. Savaşda Bəydiili obası başqani da ölür. Bu sırada onun xanımı doğur, üçüz oğlu olur. Çarəsiz qadın körpələri bir mağarada buraxıb gedir. Bir neçə il sonra oba yenidən qabaqkı yerlərinə qayıdanda qadın uşaqlarını buraxdığı mağaraya gedir və üçüzlərinin yaşadığını görür. Durumu anlamaq üçün qıraqda bir yerdə gizlənib baxır və bir az sonra ağzında yeməklə gələn bir dişi qurdun uşaqları bəslədiyini görür. Bu olaydan sonra qadın 3 oğlundan qarayağız qılları olan oğluna Qaracaqurd, incə, uzunboylu olana Cerid, iri başlı incə boyunlu olana da Boynuincə adını verir. Sonradan bu uşaqların adları ilə 3 Türkmən boyu yaranır.[7]



Uşağın qurd tərəfindən bəslənməsinin bir başqa örnəyini quzey Qafqaz xalqlarından olan Qaraçay-Malkar, Oset Nart dastanlarında görürük. Nart Örüzmək Nartların başqanıdır. Örüzmək göydən düşən bir göydaşının(meteor) içindən çıxmış ve dişi qurdun südünü əmərək bəslənmişdir. Bu dastanlarda “Alavqan” və `Kurdalaqon” adlı qəhrəmanlar vardır. Alaqan sözünün etimoloji anlamını “Alanların qurd soyundan olan dəmirçisi” və ya “qurd soylu Alanqan” olaraq açıqlayırlar.[8]



Yol göstərici olan Qurd



Bəzi dastanlarda yön göstərən, çətin durumlardan qurtuluş yolunu bildirən qurd motivlərini görürük. Bir əfsanəyə görə Ərgənəkonda çoxalan Türklər, dağın içindən keçid açmaq üçün mədənini yetmiş at və yetmiş öküz dərisindən düzəltdikləri körüklə əridərək buradan çıxdılar. Onlara Börtə Çinə adı verilən bozqurd rəhbərlik edirdi. Beləliklə sira dağları aşıb keçdilər.



Köktürklərdən sonra Uyğurca yazılmış Oğuz Dastanında Oğuz Xaqanın Urum Xaqan üzərinə səfərə gedərkən, hətta bəzi başqa səfərlərində də göy yalı, göy tükləri olan bir qurdun (Kök-Böri), işıqda ulayaraq önünə çıxıb ona rəhbərlik etdiyini oxuyuruq. Bu dastanda Kök-Böri belə anlatılmaqdadır: “Oğuz Xaqanın sol yanında Urum adında bir xaqan vardı. Oğuz Xaqanın sözünü dinləməmək, arxasından getmemek üçün direndi. Oğuz Xaqan da hazırlıqlarını edib, bayrağını açaraq ordusuyla onun üzərinə yürüdü. Qırx gün sonra Buz Dağ adında bir dağın ətəyinə gəldi. Çadırını qurdurdu və səssizcə uyudu. Dan ağaranda Oğuz Xaqanın çadırına günəş kimi bir işıq girdi. O ışıqdan çıxan göy yallı, göy tüklü bir qurd, Oğuz Xaqana : ”Ey Oğuz, sən Urum üzərinə yürürkən mən də sənə yol göstərmək istəyirəm` dedi. Oğuz Xqgan ordugahını qaldırınca gördü ki, bu erkək qurd əskərin önündə izçi kimi yürüməkdədir. Nəhayət Kök-Böri bir neçə gün sonra İdil-Mürən çayı boyunda durdu və Qaradağ önündə savaş başladı. Bu dastanda görüldüyü kimi qurd Oğuzlara yol göstərən olub, Türk mitolojisindəki ona duyulan sayğı və yüksək yerini də ortaya qoymaqdadır.



Qurddan törəyiş



Köktürk İmperiyasının qurulumasından qısa bir sürə sonra 581-ci ildə yazılmış bir Buqut daş qabartmasındaki Tu-kiue əfsanəsi Çin illiklərində də yazılmış olub, Türklərin törəyişiylə ilgilidir. Buqut Yazıtı Köktürklerin ilk xaqanlarını anlatır. 1956-cı ildə Moğolistanın Buqut şəhərinin 10 km. batısında Arahangay bölgəsində 6-8. Yüzillərdən qalma bir Türk məzarlığı aşkar edilir. Buradakı kurqanın yaxınlığında qumdaşından bir yazılıdaş vardır. Yazıtın üst qismindəki qabartmada, beldən yuxarısı əski Türklərin əfsanəvî simvolu olan qurd, beldən aşağısı isə insan olan bir fiqur vardır. Şübhəsiz bu qabartma Türklərin törəyiş əfsanəsinə bağlıdır. Mahan Tigin adına ucaldılmış olan Buqut anıtındaki bozqurd-insan qabartması ilə Çin qaynağı Çou-shudakı qurddan törəmə əfsanəsi qarşılaşdırıldığında Bozqurdun Köktürk dönəmində və daha sonrakı dövrlərdə əfsanəvî ata(əcdad) olaraq görüldüyünü göstərir. Gərək Hun dövründə və gərəksə Köktürk dövründə qutsal bir ata məzarının bulunduğunu Çin qaynaqlarından bilirik. Köktürk xaganı bəlli zamanlarda dövlətin başçılarını yanına alaraq bu ata mağarasına gedir və orada qurbanlar kəsərək sayğı duruşunda bulunurdular. Çünki Köktürklərin mənşə əfsanəsində atalarının bir mağarada qurddan törədiyindən söz edilirdi. Bu əfsanənin ən gözəl anlatımı 556-581-ci illərin olaylarının yazıldığı Çou-shu adlı Çin xanədan xronikasıdır. Bu əfsanə, çox yaşlı bir Türkün verdiyi bilgilərə dayanılaraq verilmişdir.



Buradakı törəyiş əfsanəsiylə ilgili xəbər belədir: “Köktürklər əski Hunların bir qoludurlar və A-şi-na adlı bir ailədən gəlmişlər. Daha sonra Lin adındakı bir ölkə tərəfindən məğlub edildilər. Tamamən öldürülən Köktürklərin içində yalnızca on yaşında bir uşaq sağ qalmışdı. Lin əskərləri bu uşağa acımışlar və yalnızca onun ayaqlarını kəsməklə yetinmişlər. Onu bir bataqlığa ataraq getmişlər. Bu sırada uşağın ətrafında dişi bir qurt peyda oldu və ona et verərək bəslədi. Uşaq, böyüdükdən sonra dişi qurdla birlikdə oldu. Qurd da bu ilişkidən hamilə qaldı. Lin kralı bu uşağın yaşadığını eşidincə, onun öldürülməsi üçün əskərlərini göndərdi. Ancaq qurd qaçdı və Turfan ölkəsinin quzeyindəki bir mağaraya getdi. Qurd bu mağarada on uşaq doğdu. Zamanla bu on uşaq böyüdü və dışarıdan qızlar gətirtərək onlarla evləndilər. Beləcə hər birindən bir soy törədi. Qurddan törəyiş əfsanəsinin başqa variantlarına da rastlayırıq. IV. yüziin sonlarına doğru Wu-sun əfsanələrinə Türk qövimlərindən biri olan Ting-linglərdə təkrar görürük. “Bir Hun hökümdarının son dərəcə gözəl iki qızı vardı. Bir ölümlüyə veriləməyəcək qədər gözel olduğu üçün qızlarını Göyə sunmağa qərar verdi. Onları böyük bir qülləyə saldı. Bir qurd gəldi. Üç ay boyunca qüllənin çevrəsində dolandı, sonra yuvasını qüllənin dibində qurdu. Qızlardan biri qurdun qarısı oldu və dünyaya gətirdiyi uşaqlar da qəbilənin ataları oldular”.[9] Çin qaynaqlarında, kitabələrdəki qabartmalarda, dastanlarda və çeşidli tarixi qaynaqlarda qurd başının Köktürklərin simvolu olduğu açıqca görülməkdədir. Şahnamədə Turanlıların qurd başlı bayraqlarından iki dəfə söz edilməsi Çin qaynaqlarını doğrulayır. Çin qaynaqlarında bu qonuda “qurddan törədiklərinə inandıqları üçün, bayraqlarının təpəsində qızıldan bir qurd başı vardır” deyilir. Köktürk İmperiyası zamanında və hətta ondan sonra da rütbə və bağımsızlıq vermə əlaməti olaraq qurd başlı bayraq özəl bir önəm daşıyırdı.



Yüzillər keçdikdən sonra, Türklərin İslam dini görüşünü mənimsəməsinin üstündən uzunca bir dönəm ötməsindən bu yana əski Tenqriçilik inancının izlərinin hələ də xalq söyləncələrində, Türk kültürünün çeşidli qatmanlarında,dünyanı fəlsəfi alqılayış (qavrama) biçimində sürdüyünü görürük. Özəlliklə Azərbaycanda bu qədər çox “qurd” adı ilə bağlı yer adlarının (örnəyin, Bakıda “Qurd qapısı”, Təbrizdə “Qurd Meydanı” və başqa minlərlə yer adı) olması, “qurdla” bağlı deyimlərin çoxluğu diqqət çəkicidir. Zirək, diribaş adamlar üçün “qurd kimidir”; çox təcrübəli, ağıllı adamlar üçün “qoca qurd”; igid, qorxmaz adamlar üçün “qurd ürəyi yemişdir” deyilməsi bu əski inanışın uzantılarıdır. Culfa(özəlliklə Güney Azərbaycan kəsimində) bölgəsinin bəzi kəndlərində bu gün də evdən çıxan birisinin “qarşına qurd çıxsın!” sözləri ilə evdən uğurlanması son dərəcə ilgi çəkici olub əski Ərgənəkon dastanlarındaki yol göstərən qurd motivini çağrışdırmaqda, o əski Türk inancını günümüzə daşımaqdadır. Bu əski deyim bu gün bizim çoxumuzun “Allah işini rast gətirsin” dediyimiz alqışı ifadə etməkdədir. Qurd Ana inancının izləri də günümüzə qədər gəlib çatmışdır. Dişi qurdun qoruyucu gücünə inanışın qalıntıları Anadoluda və Azərbaycanda davam etməkdədir. Ərzincan və çevrəsində doğuma yaxınlaşan qadını al basmasından qorumaq üçün yastığının altına qurd pöstəkisi (dərisi)qoyulur. Beləliklə Qurd Ananın qadını və uşağını qoruyacağına inanılır. Yenə bu bölgədə yeni doğulan uşaqları yuduqları suyun içinə qurd dişi qoyularaq uşaqların cəsur olacaqlarına inanırlar.[10] Çox yaxın zamana qədər Təbrizdə əski bir şaman baksıcı (sağaldıcı) gələnəyinin sürdüyünü görürük. Evlərdə sandıq içində təmiz bir bez parçası içində tutulan qurudulmuş qurd əlindən bəzi xəstəliklərin sağaldılmasında yararlanıldığı bilinməkdədir. Özəlliklə südü kəsilmiş anaların yenidən südünün gəlməsi üçün qurd əli dualarla qadının döşlərində gəzdirilir, bədəninin bir yerində ağrısı olan, boğazı gələn uşaqların ağrıyan bölgələrinə “qayıt, qayıt” deyilərək yenə qurd əli sürülür. Bu inanışlar əski Türk mitolojik düşüncəsinin davamı olub, Qurd Ananın insanları qoruyacağı inancını bugünlərə daşımaqdadır. Bu örnəklərin sayını çoxalda bilərik. Ancaq özəlliklə Güney Azərbaycanda bu qonuda qapsamlı bir araşdırmanın aparılmadığı bir gerçəkdir. Uzmanlar tərəfindən bu bölgələrdə dərinləməsinə alan(sahə) çalışmasının aparılmasının Türk mitolojisinə və kültürünə böyük qatqısı olacaqdır.

Gülara Yenisey

Hiç yorum yok:

Yorum Gönder