Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

31 Ocak 2011 Pazartesi

Rəsulzadə və pulsuz nazirləri


 
 Azərbaycan Xalq Cümhuriyyəti dövründə nazir işləmiş şəxslərdən biri atasından pul istəyəndə zavallı qoca belə deyib: "Tələbə olanda sənə çox pul göndərmişəm. Amma heç vaxt ağlıma gəlməyib ki, baş nazir olanda da məndən pul istəyəcəksən".



Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri olan Fətəli xan Xoyski isə Tiflisdə bir erməni tərəfindən qətlə yetiriləndə onun nəşini məscidə aparan adamlar dəhşətli mənzərə ilə qarşılaşıblar: Xoyskinin ayağındakı corablar cırıq imiş...

Böyük öndər Məmməd Əmin Rəsulzadə də keşməkeşli ömür yaşayıb. Rəsulzadə Stalinin təklif etdiyi məsul vəzifəni Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə dəyişib. Vətənimizi işğal etmiş bolşeviklərlə çiyin-çiyinə dayanmağı, sadəcə, qüruruna sığışdırmayıb. O, ömrünün axırına kimi əqidəsinə sadiq qalıb.

Bu gün Rəsulzadənin doğum günüdür. Təəssüf ki, rəsmi təbliğat şüurlu şəkildə Şərqdə ilk demokratik dövləti quran şəxslərin xidmətlərini kiçiltməklə məşğuldur. Rəsulzadənin şəxsiyyətinə qısqanc münasibət Azərbaycan tarixinin ən parlaq dövrünün hərtərəfli öyrənilməsinə imkan vermir.

Demokratiya uğrunda mübarizə aparan Azərbaycan vətəndaşlarının xəyal qırıqlığına uğradığı çağdaş dövrdə böyük öndərin keçdiyi ömür yoluna işıq salmaqda fayda var. AXC-nin digər qurucuları kimi Rəsulzadə də ömrünü yoxsulluq içində başa vurub. Onun istər Avropada, istərsə də qardaş Türkiyədə yaşadığı illər məşəqqətlərlə dolu olub. Maddi və mənəvi sıxıntılara baxmayaraq, o, ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyinə olan inamını itirməyib. Avropada mühacirətdə olarkən SSRİ-nin əleyhinə yüzlərlə məqalə yazıb, çoxlu sayda kitablar çap etdirib. Qonaq olduğu radio proqramlarında Azərbaycan məsələsini əsas müzakirə mövzusuna çevirib. SSRİ-Türkiyə münasibətlərinin sıcaq olduğu dövrdə Rəsulzadə qardaş ölkədən çıxarılıb və növbəti dəfə ağır mühacirət həyatı yaşamalı olub. Qırxıncı illərdə Rəsulzadənin yenidən Türkiyəyə qayıtması onun həyatında heç bir müsbət dönüş yaratmayıb. O, Ankaradakı Milli Kitabxanada cüzi maaşa çalışıb. Ömrünün axırına kimi Sakarya küçəsində çoxmərtəbəli binalardan birinin zirzəmisində yaşayıb. Yaşadığı evə heç vaxt gün düşməyib.

Çağdaş Azərbaycan müxalifəti Rəsulzadəni özünün sələfi hesab edir. Bizlər hər fürsətdə Rəsulzadə ideyalarının daşıyıcısı olduğumuzu bəyan etməkdən zövq alırıq. Amma heç birimiz onun yaşadığı həyatı yaşamaq istəmirik. Rəsulzadə öz əqidəsinə sadiq qaldığı üçün SSRİ kimi nəhəng bir dövlətin xarici siyasət idarəsində ona təklif olunan məsul vəzifədən imtina etmişdi. Amma özünü Rəsulzadə ideyalarının davamçısı hesab edənlər öz əqidələrini bir deputat mandatına, bəzən isə bələdiyyə üzvlüyünə dəyişirlər. Bu adamlar öz əməllərinə bu cür haqq qazandırırlar: uşaqlarıma çörək qazanıram. Halbuki Rəsulzadə mübarizəni davam etdirmək üçün öz ailəsindən imtina etmişdi.

Rəsulzadə ilə xələfləri arasındakı ən böyük fərq də elə budur. Buna görə də özlərini Rəsulzadənin davamçısı hesab edənlər nə qədər kiçilsələr də, bu, onun böyüulüyünə xələl gətirmir.

Seymur Verdizadə
http://modern.az/

Hiç yorum yok:

Yorum Gönder