Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

11 Şubat 2011 Cuma

Azərbaycan üçün Misir dərsləri

ABŞ-ın müdafiə naziri və MKİ-nin keçmiş şefi Robert Geyts Yaxın Şərq ölkələrinin liderlərini demokratik islahatlar keçirməyə çağırıb. Tunis və Misirdə demokratiya tələbi ilə mitinqlər Yaxın Şərq ölkələrinin liderlərini islahatların zəruriliyinə inandırmalıdır. ABŞ onları çoxdan islahat keçirməyə çağırırdı, deyə Pentaqon rəhbəri bildirib.
Tunis və Misirdə demokratik inqilablar başlayanda Vaşinqtonda bütün yüksək rütbəli şəxslər müxtəlif təfsirlərlə, amma yekdil şəkildə bir zamanlar geniş ictimaiyyət üçün qapalı olan islahatların zəruriliyi barədə çağırışlar səsləndirdilər. Biz prezident Mübarəkə xəbərdarlıq etmişdik ki, islahatlar zəruridir, deyə prezident Obama bildirdi.
Ərəb dünyasında yüksək dairələrdə Ağ Evdən gələn bu xəbərləri şərh etmirlər. Üstəlik, onlar Yaxın Şərqdə sülh və sabitlik müqabilində insan haqlarının, azadlığın pozulmasına, korrupsiyanın tüğyan etməsinə göz yuman amerikalı müttəfiqlərinin bu davranışından çaşqınlıq içindədirlər.

Əslində ikinci dünya müharibəsindən sonra ABŞ-ıın yürütdüyü ziddiyyətli xarici siyasi kurs ərəb ölkələrində qeyri-demokratik rejimlərin yaranıb möhkəmlənməsinə bu və ya digər dərəcədə kömək edib. Müəyyən dərəcədə bu, Sovet İttifaqı ilə resurslarla zəngin olan region uğrunda mübarizədən doğurdu.
Vikipediyaya əsasən, ərəb dünyasında 345 milyon əhaliyə malik 23 ölkə var. Həm də o, dünyada Rusiyadan sonra ikinci geolinqvistik ərazi vahididir. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatlarının 60%-i Yaxın Şərq və Şimali Afrikanın payına düşür. 2008-ci ildə bu regionda 1810 mln ton xam neft istehsal edilib, bu, dünya hasilatının 44%-dir. Dünyanın təsdiq edilmiş qaz ehtiyatlarının 1/3-i bu ölkələrdədir.

Amma son hadisələr göstərir ki, resursların zənginliyi formal olaraq onun sahibi və dövlətlərində hakimiyyətin mənbəyi olan xalqların rahat yaşamasına zəmanət vermir. Bu ölkələrdəki sosial və iqtisadi qeyri-mütənasiblik cəmiyyətdə hədsiz sosial-siyasi gərginlik yaradıb və dünya maliyyə böhranının üçüncü ilində bu, özünü biruzə verdi.

Belə olan təqdirdə ABŞ-ın ərəb dünyasında inqilabi ovqatı dəstəkləyib stimullaşdırmaqdan başqa yolu qalmadı. Hərçənd təlatümlərin əhatə etdiyi ölkələrdə islamçıların hakimiyyətə gəlməsi qorxusu var. Üstəlik, Qərb “Müsəlman qardaşlar” kimi islam təşkilatlarını keçid dövrü üçün sabitlik amili kimi görür – onlar yaxşı təşkilatlanıb və nüfuzları böyükdür. Sonuncular artıq bəyan ediblər ki, ölkədə hakimiyyətə iddiaları yoxdur və Misir hökuməti ilə danışıqlara gediblər. İslam təcrübəsi və İrandakı idarəçilik müsəlman dünyasında çox az adamı cəlb edir, deyə Təhrir meydanında nümayiş iştirakçılarından biri bildirdi.

Aralıq dəniiz hövzəsində qalxan inqilab dalğası bir-birinin ardınca avtoritar rejimləri ağuşuna alır. Onların çoxunda təşviş, gələcəyə inamsızlıq var. Amma istəyib-istəməməklərindən asılı olmayaraq onlar dəyişikliklərə çağırışa səs verməlidirlər.

Ərəb dünyasında baş verənlər Azərbaycanda ictimai-siyasi proseslərə adrenalin impulsu verdi. Bu, özünü təkcə hakimiyyətin Hüsnü Mübarəkin abidəsini qorumaq üçün təcili tədbirlər görməsində yox, silsilə antikorrupsiya ifşa kampaniyalarında da göstərdi.

Bu işə yanvarda hökumətin yığıncağında prezdent İlham Əliyev start verdi. O, məmurları biznes dairələrə qarşı yırtıcı münasibətdə ittiham etdi və dəyişikliklərə çağırdı. Müxalif mətbuat hökumətin bu kampaniyasını ərəb ölkələrində baş verənlərdən təşviş sindromu ilə bağladı.

Amma məlumdur ki, hökumət korrupsiya ilə mübarizə üzrə ilk addımlara və qanunvericilik üzrə işlərə Azərbaycanda institusional və başqa isahatlar üzrə Dünya Bankının dörd illik proqramından çıxış edərək başlayıb.

Mühafizəkar Yaxın Şərq liderlərindən fərqli olaraq prezident İlham Əliyev daha çevik tərpəndi. Beynəlxalq maliyyə institutlarının ölkədə islahat proqramlarının işə başlaması buna sübutdur.

Düzünə qalsa, islahatlara başlamaq barədə qərar vermək asan olmadı. Bunu son iki ildə ABŞ-la Azərbaycan arasında artan gərginlikdən də görmək olar. ABŞ dövlət katibinin sabiq köməkçisi Devid Kremer ötən ilin martında bəyan etdi ki, gərginliyin səbəbi Azərbaycan rəhbərliyinin ölkədə demokrtaik islahatlar keçirməyi arzu etməməsi ilə bağlıdır.

Korrupsiya səviyyəsinin azaldılması üzrə nəzarət və hüquq-mühafizə orqanlarında başlayan islahatlar və nəhayət, il yarımlıq fasilədən sonra Metyu Brayzanın şəxsində Amerika səfirinin qayıtması ölkənin inkişafında yeni mərhələnin başlanmasından xəbər verir.

Əlbəttə, bir çoxları sual verir ki, hökumət hansı müddətə və nə qədər dərinə getməyə hazırdır? Məlumdur ki, ala-yarımçıq demokratiya və azadlıq olmur. Misir və Tunisdən fərqli olaraq, Azərbaycan keçid dövrünü qısa təkamül yolu ilə keçə bilər. Avropanın Şərq Tərəfdaşlığı siyasətini də nəzərdən qaçırmaq olmaz. Onlar israrla Bakıdan ilk növbədə demokrtaik və institusional islahatlar tələb edir.

Bir sıra mənbələr yüksək hakimiyyət dəhlizlərində əsəbilik və inamsızlıq barədə məlumat verir. İstər cəmiyyət üçün, istərsə də elə məmurların özü üçün də müəmmalı olan korrupsiya ilə mübarizə buna xeyli dərəcədə təsir edir. Hələ də tam aydın deyil: söhbət imitasiyadan gedir, yoxsa bu, davamlı olacaq.

Azərbaycan hakimiyyətinin postMisir reaksiyasının köklərini tez dəyişən avtoritar dünyada axtarmaq olar. Onlarda islahatların keçirilməsi prosesini Vaşinqton və Brüsselin bəyanatları sürətləndirir. Bu kontekstdə inanmaq lazım gəlir ki, hakimiyyət təkcə iqtisadi yox, həm də ictimai-siyasi böhrandan Misir ssenarisi ilə yox, ictimai konsensusla çıxacaq. Buna ölkənin bütün siyasi gücləri hazır olmalıdır.

Hiç yorum yok:

Yorum Gönder