Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

31 Ocak 2011 Pazartesi

Gözəl Bayramlı Əli Əhmədova cavab verdi

  




"Onun «xalqın iradəsinə hörmət» ifadəsini işlətməyə haqqı yoxdur"


ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun (DTIHB) Azərbaycanda ötən il noyabrın 7-də keçirilən seçkilərlə bağlı açıqladığı yekun rəyi hakimiyyət nümayəndələri narazılıqlı qarşılayıb. Qeyd edək ki, hesabatda qalib gəlmə şansının yüksək olduğu namizədlərin qeydə alınmadığı, ictimai müzakirələr olmadan Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi, hakim partiyadan başqa digər siyasi qüvvələrin seçki prosesindən təcrid olunması, dövlət işində çalışanların YAP-a səs verməyə məcbur edilməsi, seçki günü YAP-ın lehinə topa bülletenlər atılması, müxalifətin lehinə olan bülletenlərin isə cırılması, müxalif namizədlərə təzyiq və təhdidlər edilməsi faktları əksini tapıb.

Öz dairəsində biabırçı məğlubiyyətlə üzləşən, lakin saxtakarlıq nəticəsində parlamentə düşən hakim partiyanın icra katibi Əli Əhmədov bu hesabatı qərəzli adlandırıb və onu xalqın iradəsini əks etdirmədiyini deyib. Ə.Əhmədovun seçkidəki əsas rəqibi olmuş və əslində seçicilərin səsinin böyük əksəriyyətini qazanan AXCP sədrinin müavini Gözəl Bayramlı da öz növbəsində YAP təmsilçisinin dediklərinə cavab verir.

- Seçkidə rəqibiniz olan Əli Əhmədov ATƏT-in hesabatının qərəzli və qeyri-obyektiv adlandırıb və xalqın iradəsinə hörmətsizlik kimi qiymətləndirib. YAP təmsilçisinin bu fikirlərini necə qiymətləndirirsiniz?

- Əli Əhmədov başda olmaqla YAP hakimiyyətinin “xalqın iradəsinə hörmət” ifadəsini işlətməyə haqqı yoxdur. 1995-ci ildən bu yana YAP-ın keçirdiyi bütün seçkilər kütləvi şəkildə saxtalaşdırılıb. 2010-cu ildə keçirilən seçkidə isə ümumiyyətlə, saxtakarlıq pik həddə çatdı. YAP-ın faktiki birinci şəxsi funksiyasını yerinə yetirən Əli Əhmədov da daxil olmaqla Azərbaycan xalqı hakim partiya nümayəndələrinə səs vermədi. Hətta iş yerini itirməmək xatirinə YAP-a yazılan insanlar belə o partiyanın nümayəndələrinə səs vermədi. Ona görə də hesab edirəm ki, Əli Əhmədovun bu fikirləri yersizdir. Seçkilər xalqın iradəsini əks etdirməyib, ona hörmətsizlik şəraitində keçib. Seçkinin nəticələrini kütləvi şəkildə saxtalaşdıraraq xalqın istəmədiyi adamlar parlamentdə otuzdurulub.

- Əli Əhmədov deyib ki, ATƏT-in istədiyi adamlar parlamentə düşmədiyinə görə belə bir hesabat açıqlanıb. Sizcə, YAP-ın siyahısı ilə seçkiyə qatılan şəxslərin neçəsi xalqın iradəsi ilə seçilib və ümumiyyətlə, parlament üzvləri arasında belələri varmı?

- Parlamentdə oturan adamlardan heç biri xalqın səsi ilə seçilməyib. Mən beləsini tanımıram. Bu, bütün xalqın düşüncəsidir. Parlamenti hakimiyyətin siyahısı ilə formalaşdırıblar. Xalq onlara səs verməyib. YAP-ın siyasəti nəticəsində xalqın istədiyi adamlar parlamentdən kənarda qalıb.

- Hesabatda göstərilənlər Sizin və Əli Əhmədovun mübarizə apardığı dairədə baş verənlərə nə dərəcədə cavab verir?

- Əslində bir çox məqamlar hesabatda öz əksini tapmayıb. Məsələn, orda yazılıb ki, seçki dinc şəraitdə keçib. Hələ seçkinin dinc şəraitdə keçməsi onun normal olması anlamına gəlmir. Bizim dairədə kütləvi saxtakarlıqlar pik həddinə çatmışdır. Əli Əhmədovun xeyrinə kütləvi saxtakarlıqlar edilirdi. Yəni bütün bunlar onu göstərir ki, seçki bütövlükdə saxtakarlıq şəraitində keçmişdi.

Fizzə

Hiç yorum yok:

Yorum Gönder